“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılışı olub
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılış mərasimi keçirilib.
Festival Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilir.
Açılış mərasimində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edib.
Nazir Rəşad Nəbiyev Türkiyə nümayəndə heyətini və bütün iştirakçıları salamlayıb.
Bildirilib ki, “TEKNOFEST” Türkiyədən kənarda ilk dəfə məhz Azərbaycanda keçirilir: “Bu hadisə ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır”.
“Cənab Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb.
“Teknofest” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfüqlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir”, – deyə qeyd olunub.
Məlumat verilib ki, festival çərçivəsində 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilir. Bu yarışlar pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərməyə imkan verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.
Əlavə olunub ki, “TEKNOFEST” elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda birlikdə çalışan gənclərə komanda ruhu aşılayacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.
Çıxışlardan sonra xatirə fotosu çəkdirilib və festival işə başlayıb.