“Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib

“Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib

Bu gün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Tədbirdə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə biliklərin tədrisdəki problemləri və təhsilin innovativ sahibkarlığın inkişafında rolu üzrə müzakirələr aparılıb.

 

Tədbirdə ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar olub.

 

Ali təhsil müəssisələrinin təhsil – tədqiqat – innovasiya mərkəzlərinə çevrilməsi, rəqabətqabiliyyətli mütəxəssis hazırlığının təmin olunması, xüsusən də mühəndislik və digər texnoloji ixtisaslara həvəsin artırılması, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrların hazırlanması, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında innovasiyaların yaradılması istiqamətində görülən işlər qeyd olunub.

 

“Dəyirmi masa”da nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya-kommunikasiya   texnologiyaları   sahəsində   innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.

 

Nazir müavini qeyd edib ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaradılan biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər təhsil sisteminin informasiyalaşdırılması istiqamətində əsaslı işlərin görüldüyünü qeyd edib. O, ölkə başçısının müvafiq sərəncamları ilə təhsilin informativ hüquqi bazasının təkmilləşdirildiyini, mobil təminatın hazırlandığını, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndirildiyini bildirib. O, informasiya cəmiyyəti inkişaf etdikcə İKT-nin təhsildə tətbiqinin vacib məsələlərdən birinə çevrildiyini vurğulayıb.

 

Tədbirdə müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, o cümlədən İKT şirkətlərinin, müvafiq dövlət qurumlarının nümayəndələri təmsil olunub.