Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb

Fevralın 17-də Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında Niyyət Protokolunun imzalanma mərasimi keçirilib.

 

Niyyət Protokolu təhsil naziri Emin Əmrullayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb.

 

Protokolun imzalanmasında əsas məqsəd ümumi təhsil müəssisələri üçün rəqəmsallaşma, innovasiyalar və təhsilin inkişafına töhfə verəcək məsələlərə dair əməkdaşlığın həyata keçirilməsidir.

 

Bu çərçivədə ilk olaraq Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində “İnnovasiyalar” mərkəzi yaradılacaq. Mərkəzin yaradılması riyaziyyat, informatika, robotiks sahəsində istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları üzrə bacarıqlarının, kodlaşdırma qabiliyyətlərinin artırılması, eləcə də şagirdlərin yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır. 

 

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Niyyət Protokolunun imzalanmasını yüksək qiymətləndirib. Təhsil naziri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən irəli sürülən bu təşəbbüsün istedadlı şagirdlərin bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, innovativ təhsil layihələrinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

 

Çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən ölkəmizdə güclü insan kapitalı və innovasiya məkanı yaradılmalıdır. Buna yalnız dəqiq elmlər, texnologiyalar, informasiya texnologiyaları üzrə bilikləri artırmaqla, bu sahədə mütəxəssislər yetişdirməklə nail ola bilərik.

 

İmzalanma mərasimindən sonra nazirlər liseydə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə görüşərək onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.