Xəbər

Seulda Azərbaycan və Koreya arasında Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclası keçirilib

Xəbər
Seulda Azərbaycan və Koreya arasında Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclası keçirilib

Bu gün Cənubi Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

Birgə Komissiyanın Koreya Respublikası tərəfindən həmsədri, bu ölkənin ticarət, sənaye və energetika nazirinin müavini Jeong Daejin Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, Azərbaycan və Koreya yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. Diqqətə çatdırıb ki, ötən il Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.

İclasda Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib. Nazir müavini bildirib ki, Azərbaycan Koreyanın Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır.

Samir Məmmədov Koreya nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.

Nazir müavini Azərbaycanda nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirilən işlər, eləcə də Orta Dəhlizlə daşımaların asanlaşdırılması üçün görülən tədbirlər haqqında məlumat verib. Xüsusilə vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək və onun tranzit potensialını gücləndirəcək.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu imzalanıb.

Qeyd edək ki, Birgə Komissiya 28 avqust 2012-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.