Xəbər

Şabran rayonu yüksəksürətli internetlə təmin edilir

Xəbər
Şabran rayonu yüksəksürətli internetlə təmin edilir

“Aztelekom” MMC Şabran rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 53%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Şabran şəhəri, Surra və Dəvəçi kəndlərində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Şabran rayonu ərazisində 8080 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib. Hazırda Şabran şəhərində 4957 təsərrüfatdan 2220 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur. Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 54 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Heydər Əliyev prospekti 4), həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, 2017 – 2023-cü illərdə Azərbaycanda ümumilikdə 2 milyona yaxın ev təsərrüfatının və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektinin 66%-ni təşkil edir.