Xəbər

RİNN-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib

Xəbər
RİNN-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə görkəmli dövlət xadiminin Nazirliyin inzibati binasında yerləşən büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ulu Öndərin zəngin və çoxşaxəli irsindən bəhs edib. O vurğulayıb ki, müstəqil Azərbaycanın möhkəm dövlətçilik əsaslarının formalaşması, iqtisadi inkişaf kursunun müəyyənləşdirilməsi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Nazir qeyd edib ki, Ümummilli Liderin qətiyyəti sayəsində Azərbaycan sabitlik və dayanıqlı inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər ölkədə rabitə, informasiya texnologiyaları və nəqliyyat sahələrinin inkişafını əsas istiqamətlər kimi müəyyənləşdirib. Bu siyasət nəticəsində Azərbaycan regionun nəqliyyat və kommunikasiya qovşağına çevrilib.

Həmin dövrdə həyata keçirilən islahatlar və atılan mühüm addımlar ölkənin bugünkü inkişafı üçün zəmin yaradıb. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olunub ki, rabitə, informasiya texnologiyaları və nəqliyyat sahələrində həyata keçirilən genişmiqyaslı islahatlar ölkənin dayanıqlı inkişafına xidmət edir. Rəqəmsal hökumət xidmətlərinin genişləndirilməsi, süni intellekt sahəsindəki strategiyalar ölkəmizin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müasir telekommunikasiya, nəqliyyat infrastrukturunun qurulması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Sonda qeyd edilib ki, Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirərək Cənubi Qafqazın lider ölkəsinə çevrilib.