Xəbər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Xəbər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb.

Əsas məqsəd vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və ekoloji tələblərə riayət olunmasıdır. Həmçinin haqsız rəqabət və inhisarçılığın, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasıdır.

Hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Vurğulanıb ki, taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqi istiqamətində mütəmadi olaraq tədbirlərin həyata keçirilməsi zəruridir.

Görüş iştirakçılarına taksi fəaliyyətini tənzimləyən və taksi minik avtomobillərinə dair tələbləri müəyyən edən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub. Qeyd edilib ki, sərnişindaşımanı yerinə yetirən taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji standartlara uyğun olmalıdır. Tələblərə əsasən daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmalıdır. “Fərqlənmə nişanı”nı almaq üçün onlayn qaydada “e-fn.ayna.gov.az” ünvanına, həmçinin Bakı, Yevlax və Xaçmaz KOB evlərində AYNA-nın xidmət mərkəzlərinə müraciət etmək mümkündür.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək barədə tapşırıq verilib.