Xəbər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində peşə bayramı münasibətilə tədbir keçirilib

Xəbər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində peşə bayramı münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 6 dekabr tarixi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində peşə bayramına həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxış edərək bu münasibətlə sahə işçilərini təbrik edib.

 

Nazir müavini əldə olunmuş nailiyyətlər və qarşıda duran planlar haqqında danışıb.

 

Fərid Əhmədov bildirib ki, bu il üçün əsas tapşırığımız işğaldan azad olunan ərazilərimizdə nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkəsinin qurulması idi. Bu istiqamətdə müəyyən nəticələr əldə olundu.

 

Nazir müavini diqqətə çatdırıb ki, nazirlik olaraq qarşımızda mühüm vəzifələr və yeni hədəflər var. İşğaldan azad olunmuş ərazilərdə sahə üzrə işləri sürətlə və keyfiyyətlə davam etdirməliyik.

 

“Ölkədə nəqliyyat sahəsinin inkişafı, rəqəmsal transformasiyanın tətbiqinin genişləndirilməsi, 2024-cü ilin sonunadək bütün ölkə ərazisinin genişzolaqlı şəbəkə ilə təchiz edilməsi istiqamətində planlarımızı həyata keçirməliyik. Yəni birlikdə görəcəyimiz, həyata keçirməli olduğumuz böyük işlər, layihələr var”, – deyə nazir müavini vurğulayıb.

 

Çıxışdan sonra nazir müavini Fərid Əhmədov peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 141 illiyi ilə əlaqədar Fəxri Fərmana layiq görülən nazirlik əməkdaşlarını təltif edib.