Regional avtovağzallara fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasport verilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Quzanlı, Şamaxı, Sumqayıt avtovağzalları və Gəncə Beynəlxalq Avtovağzalına fəaliyyətlərini qanuni şəkildə davam etdirmək üçün pasport verib.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən keçirilən toplantıda pasportlar avtovağzal rəhbərlərinə təqdim olunub.
Görüşdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov bildirib ki, pasport avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilir.
O qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) fəaliyyət kateqoriyasına uyğun rəsmi pasportu olmalıdır.
Görüş zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və marşrut qrafiki, qeyri-qanuni fəaliyyətlə məşğul olan daşıyıcılara qarşı tədbirlərin görülməsi kimi məsələlər də müzakirə olunub.