Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni elektron xidmət istifadəyə verdi

“Elektron hökumət” portalında 36 xidməti ilə təmsil olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Poçt ünvanları - interaktiv xəritə” adlı daha bir elektron xidməti portala inteqrasiya olundu.

 

Bu xidmətdən istifadə etməklə  “Azərpoçt” MMC-nin 1600-dən çox poçt şöbəsinin ünvanlarını, poçt indekslərini, poçtların iş rejimini, poçt məntəqəsinə gedən ən yaxın yolu müəyyən etmək mümkündür.

 

“Google Map” üzərindən təqdim edilən bu xidmət bir çox funksionallıqları özündə birləşdirir. Xəritə üzərində küçə adına, poçt indeksinə və telefon nömrəsinə görə axtarış etmək  olar. Məsələn, əgər küçə adı üzrə poçt məntəqəsi haqqında məlumat almaq istəyirsinizsə, menyudan “Küçə adına görə” kateqoriyasında müvafiq xanadan lazım olan küçənin adını seçməklə xəritə üzərində açılan  pəncərədə poçt məntəqəsi ilə  bağlı bütün məlumatlarla tanış olmaq mümkündür.

 

Digər 2 kateqoriya -  “poçt indeksinə görə”, “telefon nömrəsinə görə” seçməklə  də eyni formada axtarış etmək olar.

 

Xidmətin funksional imkanları genişdir.

 

"marşrutu göstər"düyməsini seçdikdə lokasiya üzrə poçt məntəqəsinə olan nəqliyyat vasitəsinin hərəkət marşrutu göstərilir.

 

Qeyd edək ki, ötən il Məlumat Hesablama Mərkəzi  “iOS” və “Android”  əməliyyat sistemində işləyən qurğular üçün "Poçt Ünvanları" adlı, eyni funksiyalı mobil tətbiq də istifadəyə verib.

 

"Poçt Ünvanları" mobil tətbiqini "App Store"   və "Play Store"-da  "Poçt Ünvanları" yazıb axtarış etməklə mobil qurğunuza yükləyə bilərsiniz.