“Qlobal İnnovasiya İndeksi 2024”də “Fiziki infrastruktur”la bağlı göstəricilər geniş müzakirə olunub
Oktyabrın 1-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Fiziki infrastruktur” üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda İşçi qrupun üzvü olan dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Cavid Qurbanovun sədrliyi ilə keçirilmiş iclasda qrupun fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi aparılıb.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək beynəlxalq hesabatlarda, xüsusilə “Qlobal İnnovasiya İndeksi 2024” hesabatında ölkəmiz üzrə göstəricilərin dolğunluğunun təmin olunmasında məlumatların sistemləşdirilməsinin metodologiyasına xüsusi diqqət yetirilməli olduğunu bildirib.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “Azərbaycan Hava Yolları” və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətlərinin nümayəndələri tərəfindən icraçısı olduqları tədbirlər üzrə 2024-cü ilin 9 ayı ərzində görülmüş işlərə dair hesabatları təqdim edilib, aidiyyəti məsələlər müzakirə olunub.
Aparılmış müzakirələrə uyğun olaraq qarşıda duran məsələlərin həlli istiqamətində müvafiq qərarlar alınıb, icra prosesinin sürətləndirilməsi və optimallaşdırılması ilə bağlı tövsiyələr verilib.
Sonda İşçi qrupun üzvlərini və digər iştirakçıları maraqlandıran suallar cavablandırılıb.