Qlobal Biznes Sammiti videobağlantı formatında keçirilib

Qlobal Biznes Sammiti videobağlantı formatında keçirilib

Videobağlantı formatında keçirilən Qlobal Biznes Sammitinə Estoniya və Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi edib.

 

Tədbirdə səhiyyə, təhsil, elektron idarəetmə, kibertəhlükəsizlik, ağıllı mobillik və logistika, maliyyə və istehsalatla bağlı müxtəlif ölkələrdən “COVİD-19” ilə mübarizədə rəqəmsal həllər nümayiş olunub.

 

Sammitdə ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.

 

Nazir müavini Azərbaycanda “Hökumət Buludu (G-Bulud)” Konsepsiyası, pandemiya ilə mübarizədə tətbiq edilən “Əlaqələndirilmiş məktəblər” layihəsi, dövlət qurumları və tibb müəssisələri üçün “Əlaqələndirilmiş hökumət platforması” barədə məlumat verib.

 

O, 2020-ci ilin əvvəlində “COVID-19” pandemiyasının başlaması ilə səhiyyə daxil olmaqla müxtəlif sahələrdə rəqəmli texnologiyalara və infrastruktura tələbatın artdığını bildirib. Nazir müavini bununla əlaqədar Vahid Səhiyyə Məlumat Sistemi çərçivəsində "Milli COVID-19 Verilənlər Bazası" alt sistemi yaradıldığını diqqətə çatdırıb. Eyni zamanda yoluxmuş şəxslərin əlaqələrini izləməyə və məlumatlandırmağa, gündəlik elektron xidmətlər göstərməyə imkan verən mobil "e-Tabib" proqramının yaradıldığını qeyd edib.

 

Elmir Vəlizadə kibertəhdidlərin artması ilə əlaqədar “İnternet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi qaydaları”nın hazırlandığını deyib. Nazir müavini sammit iştirakçılarının nəzərinə çatdırıb ki, əhalini kibertəhlükəsizlik barədə məlumatlandırmaq və təlimatlandırmaq üçün müxtəlif informasiya mənbələri yaradılıb.