Xəbər

Ölkədə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair Sərəncamın icra vəziyyəti ilə bağlı brifinq keçirilib

Xəbər
Ölkədə radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılmasına dair Sərəncamın icra vəziyyəti ilə bağlı brifinq keçirilib

22 iyulda “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Sərəncamının icra vəziyyəti ilə bağlı brifinq keçirilib.

Sərəncamın məqsədi radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılmaqla ümumölkə radio kanallarının proqramlarının bütün ölkə ərazisində yayımının təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə müəyyən ərazilərdə eyni radiotezlikdə radiosiqnalların qəbul imkanının yaradılması və nəticə etibarilə əhalinin yerli radio proqramlara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılmasıdır.

Brifinqdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov, RİNN-in tabeliyində olan “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İB) və Dövlət Radiotezliklər İdarəsinin, həmçinin media subyektlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Sərəncamın icrası ilə bağlı çıxışlar zamanı bildirilib ki, sözügedən Sərəncam ümumilikdə medianın inkişafı üçün böyük töhfədir və FM radio yayımçılarına dövlət tərəfindən göstərilən ciddi dəstəyin nümunəsidir. Bu baxımdan brifinqin Milli Mətbuat Günündə keçirilməsinin təsadüfi olmadığı vurğulanıb.

Qeyd edilib ki, radioyayım şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi məqsədilə nəzərdə tutulan 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 ədəd cəmləmə qurğusu, 67 ədəd peyk avadanlığı, 44 ədəd RDS (Radio Data Sistemi) qurğusu ölkə xaricindən tədarük edilib.

Eləcə də 17 stansiya üzrə 127 ədəd yeni radiotezlik nominalı ayrılıb. Ayrılmış radiotezlik nominallarının qonşu ölkələrlə koordinasiyası işləri davam etdirilir.

Artıq nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində yayım avadanlıqları quraşdırılıb və sınaq yayımlarına başlanılıb. Hazırda texniki-tənzimləmə, həmçinin stansiyalarda təmir işləri davam etdirilir.

Eləcə də fasiləsiz enerji təminatı üçün zəruri infrastrukturun yaradılması və nəzərdə tutulan digər məsələlərin həlli istiqamətində intensiv işlər aparılır.

Sərəncamın icrası nəticəsində Bakı şəhəri və Abşeron yarımadası ərazisində qəbul edilən ümumölkə radio proqramlarının bölgələrdə də qəbulu mümkün olacaq. Bununla da regionlarda qəbul olunan yerli radio proqramlarının sayı qonşu ölkələrdən daxil olan kənar FM radio yayımlarının sayına nisbətdə artacaq.

Brifinqdə mövzuya uyğun olaraq videosüjet və təqdimat nümayiş etdirilib.