Xəbər

Nazirliyin nümayəndəsi Ümumdünya Poçt İttifaqı tərəfindən keçirilən sessiyalarda iştirak edib

Xəbər
Nazirliyin nümayəndəsi Ümumdünya Poçt İttifaqı tərəfindən keçirilən sessiyalarda iştirak edib

Mayın 1-12-si tarixlərində İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən keçirilən Poçt İstismarı Şurasının və İdarəetmə Şurasının sessiyalarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi iştirak edib.

ÜPİ-nin İdarəetmə Şurasının sessiyasının iclaslarında rəqəmsal transformasiya və elektron ticarət, ÜPİ-nin iqtisadi tədqiqat fəaliyyəti, poçt ticarətinin asanlaşdırılması siyasəti məsələləri, idarəetmə və uyğunluq məsələləri, məlumatların toplanması və mühafizəsi siyasəti və qaydaları müzakirə edilib. Həmçinin davamlı poçt xidmətləri, davamlı inkişaf fəaliyyətləri, inklüziv maliyyə xidmətləri, innovasiya yönümlü siyasət araşdırmaları daxil olmaqla maliyyə xidmətləri, dövlət-özəl tərəfdaşlığı, “hamı üçün eTrade” layihəsi statusu, ÜPİ-nin Dayanıqlı İnkişaf Məqsədlərinin xəritələşdirilməsi, ÜPİ-nin ticarətlə bağlı digər tərəfdaşlıqları və təşəbbüslər, komitənin strukturu, tərkibi və iş proqramı, inkişaf və əməkdaşlıq strategiyası kimi məsələlər diqqətə çatdırılıb.

Üzv ölkələrin 2023-cü ilin oktyabr ayında baş tutacaq Fövqəladə Konqresə hazırlaşması zərurətindən irəli gələrək sessiya müddətində keçirilən konfransın ÜPİ-nin daha geniş poçt sektoru oyunçuları üçün açıq olması üzrə dialoq aparılıb.

Konfransda ÜPİ-nin daha geniş poçt sektoruna açıq olması, ÜPİ-nin qərar qəbulunda daha geniş poçt sektoru oyunçularının iştirakı və ÜPİ-nin məhsul və xidmətlərinə giriş mövzuları müzakirə olunub.

Sessiya zamanı, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Azər Məmmədrəhimov 2023-cü ilin oktyabr ayında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək növbəti fövqəladə konqres müddətində 1 nömrəli Komitənin – Etimadnamələr (credentials) Komitəsinin həmsədri seçilib.

Konfransda, o cümlədən dünyanın ÜPİ-yə üzv olan 192 ölkəsinin iştirak edəcəyi Fövqəladə Konqresdə “Heydər Əliyev İli”nə həsr olunmuş poçt markalarının, eləcə də Azərbaycana məxsus poçt markalarının sərgisinin təşkili üzrə ilkin razılıq əldə edilib.