Xəbər

Nazirliyin nümayəndəsi 6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib

Xəbər
Nazirliyin nümayəndəsi 6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində iştirak edib

22-24 mayda Çin Xalq Respublikasının (ÇXR) Çenqdu şəhərində 6-cı Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisi keçirilir.

Sərginin əsas məqsədi təchizat zəncirinin fasiləsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin (Orta Dəhliz) rəqabətqabiliyyətliyinin artırılması istiqamətində əldə olunmuş nailiyyətlərin müzakirəsi olub. Həmçinin ÇXR-in logistika şirkətlərinin bu proseslərdə iştirakının dəstəklənməsinə diqqət çəkilib.

Sərgidə iştirak edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev son illərdə Azərbaycanın nəqliyyat sistemində əldə olunmuş nailiyyətlər və aparılmış islahatlardan danışıb.

Çıxışda Orta Dəhlizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, Bakı – Tbilisi – Qars dəmiryolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması məqsədilə yaradılması nəzərdə tutulan “Rəqəmsal nəqliyyat logistika informasiya sistemi” barədə məlumat verilib.

Sərgidə, həmçinin ölkənin dəmiryolu, dənizçilik sənayesi, aviasiya sahəsində fəaliyyət göstərən qurumları barədə məlumatın əks olunduğu stend quraşdırılıb.

Qeyd edək ki, sərgi dəhlizlər üzrə nəqliyyat-logistika xidmətləri göstərən şirkətləri birləşdirən səmərəli platformadır. Sərgidə Orta Dəhliz barədə verilən məlumatlar nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlərin marağına səbəb olub. Bu kimi tədbirlərdə ölkəmizin təmsil olunması gələcəkdə Orta Dəhlizin potensialının yüksəlməsinə, buradan keçən yüklərin həcminin dinamikasının artmasına imkan yaradacaq.