Xəbər

Nazirliyin nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

Xəbər
Nazirliyin nümayəndələri EaPeReg-in 21-ci plenar iclasında iştirak ediblər

24 may tarixində İrlandiyanın Dublin şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi”nin (EaPeReg) 21-ci plenar iclası keçirilib.

İclasda 19 müxtəlif ölkənin telekommunikasiya sahəsində tənzimləyici qurumunun 50-dən çox nümayəndəsi iştirak edib. Tədbirdə Azərbaycanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndəsi və Şəbəkənin nazirlik üzrə ümumi koordinatoru Sevinc Vəliyeva və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndəsi Ravil İsgəndərov təmsil ediblər.

İclasda EaPeReg-in builki sədri Gürcüstan (ComCom) və müavini İrlandiya (ComReg) təmsilçiləri tərəfindən 2023-cü ilin birinci yarısında görülən işlər barədə məlumat verilib. Həmçinin şəbəkənin hər üç işçi qrup rəhbərləri tərəfindən görülən fəaliyyətlə bağlı hesabatlar dinlənilib. Şəbəkənin İş Planı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Tədbirdə, eyni zamanda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurası (BEREC), Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupu (EMERG), eləcə də Avropa Komissiyasının Radiotezlik Siyasəti Qrupunun (RSPG) rəhbər və təmsilçilərinin EaPeReg ilə aparılan əməkdaşlıq sahələrinə dair çıxışları olub.

RİNN-in nümayəndələri tərəfindən tədbir iştirakçılarına Azərbaycanda yaradılan və tənzimləyici funksiyaları yerinə yetirəcək İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi barədə məlumat verilib. Azərbaycanın Şəbəkə ilə əməkdaşlığı çərçivəsində bu ilin sentyabr ayında Bakıda əsas tənzimləyici məsələlərə dair tədbirin keçiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, şəbəkə vasitəsilə “EU4Digital” layihəsinin 1-ci fazasında icra edilən tövsiyə sənədlərinin daha dərindən mənimsənilməsi üçün İKTA ilə əlavə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla bağlı “EU4Digital” komandası ilə razılıq əldə edilib.

İclasda, eyni zamanda BEREC-EaPeReg ilə dördtərəfli sammitin planlaşdırılması müzakirə edilib. EaPeReg-in 2024-cü il üzrə sədrliyi üçün Moldovanın namizədliyi irəli sürülüb və iclas iştirakçıları tərəfindən dəstəklənib.

Sonda EaPeReg-in 22-ci plenar iclasının Gürcüstanda keçiriləcəyi qeyd olunub.