Xəbər

Nazirlikdə Zəfər Gününə həsr olunan tədbir və qanvermə aksiyası keçirilib

Xəbər
Nazirlikdə Zəfər Gününə həsr olunan tədbir və qanvermə aksiyası keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr edilən tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra Nazirlik və tabeli qurumların müharibədə iştirak etmiş əməkdaşlarının döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.   

Tədbirdə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında bildirib ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. Xalqın milli birliyini, dövlətin qətiyyətini və Ordunun gücünü dünyaya bir daha nümayiş etdirdi. Uzun illər ərzində torpaqlarımızın azadlığı naminə göstərilən diplomatik və hərbi səylər 2020-ci ilin noyabrında tarixi qələbə ilə nəticələndi. 2023-cü il sentyabrın 19–20-də keçirilən antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Nazir müavini vurğulayıb ki, zəfərlə başa çatan müharibədən sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasıdır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq həyata keçirilir, müasir infrastruktur yaradılır. Aparılan bərpa və yenidənqurma işləri bu torpaqlara qayıdışın təmin olunmasına, bölgənin inkişafına xidmət edir.

Zəfər Günü münasibətilə Nazirliyin təşəbbüsü, Respublika Qan Bankının təşkilati dəstəyi ilə könüllü qanvermə aksiyası da keçirilib. Aksiyada Nazirliyin və tabeli qurumların əməkdaşları iştirak ediblər. 

Donor olmaq istəyən şəxslər tibbi müayinədən keçirilib, sağlamlıq vəziyyəti uyğun olanlardan qan götürülüb. Təşəbbüsün məqsədi ölkənin qan ehtiyatlarının artırılmasına töhfə vermək və qanköçürməyə ehtiyacı olan şəxslərə dəstək göstərmək olub.