Nazirlikdə peşə bayramı münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq 6 dekabr tarixi rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində peşə bayramına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxış edərək bayram münasibətilə sahə işçilərini təbrik edib.
Cavid Qurbanov bildirib ki, ölkəmizdə rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərir, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi.
Nazir müavini diqqətə çatdırıb ki, hazırda informasiya-kommunikasiya texnologiyaları sahəsi respublikamızda prioritet sahə olmaqla daim dövlət qayğısı ilə əhatə edilib. Belə ki, ölkədə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı kompleks işlər aparılır.
“Bu gün sahə əməkdaşları ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışırlar. Nazirlik və qurumlarımızda idarəetmənin müasir korporativ idarəetmə standartlarına uyğun təkmilləşdirilməsi yolunu seçmişik və bu istiqamətdə irəliləyirik”, – deyə nazir müavini qeyd edib.
Daha sonra nazir müavini Cavid Qurbanov peşə bayramı və ölkəmizdə telefon rabitəsinin yaradılmasının 142 illiyi ilə əlaqədar “Rabitə ustası” fəxri adına və Fəxri Fərmana layiq görülən əməkdaşlara “Rabitə ustası” fəxri adının vəsiqə və döş nişanlarını, Fəxri fərmanları təqdim edib.