Xəbər

Nazir Rəşad Nəbiyev Pakistanın nəqliyyat sahəsi nazirləri ilə görüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev Pakistanın nəqliyyat sahəsi nazirləri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Pakistanın dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə iki ölkə arasında aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Rəşad Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı yenidənqurma və bərpa layihələri barədə məlumat verib. Bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahəyə böyük sərmayələr yatırıb. Belə ki, bir sıra avtomobil və dəmir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.

Bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.

Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə Azərbaycan üzərindən “Şimal-Qərb” və “Şimal-Cənub” dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.