Nazir Rəşad Nəbiyev Mentorluq proqramı çərçivəsində üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şahin Mahmudzadə və Azad Qəribovla görüşüb.
Nazir qalibləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və layihənin idarəçi rəhbərlərindən biri olaraq müsabiqə qalibləri ilə birillik fərdi inkişaf planının icrasından söz açıb. Həmçinin qaliblərin peşəkar bacarıqlarının artırılması istiqamətində onlarla fikir mübadiləsi aparıb.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri öz növbələrində rəqəmsal inkişaf və nəqliyyat nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür edib və onun şəxsi təcrübəsindən faydalanmağın əvəzolunmaz fürsət olduğunu bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir.
Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qaliblər idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti – sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.