Xəbər

Nazir Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə öz təcrübəsini bölüşüb

Xəbər
Nazir Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə öz təcrübəsini bölüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib. Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

 

Rəqəmsal inkişaf və nəqliyyat naziri ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, müsabiqənin mentorlar üçün də maraqlı təcrübə olduğunu qeyd edərək, qaliblərin fəaliyyətini yaxından izlədiyini vurğulayıb.

 

İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbəsində innovasiya və texnologiya sahəsində yeni bilik və bacarıqlara yiyələnmək istədiklərini, həmçinin innovasiyalar və rəqəmsallaşma sahəsinin inkişafında yaxından iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

 

Görüşün davamında Rəşad Nəbiyev qaliblərə idarəçilik sahəsində tövsiyələr verib, təcrübəsini onlarla paylaşıb. Son olaraq, qaliblərə özünüinkişaf istiqamətində kitab tövsiyəsi edən Rəşad Nəbiyev onlara daim araşdırmağın vacib bacarıq olduğunu deyib.

 

“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Rəşad Nəbiyevə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

 

2023-cü ildə isə növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixli Sərəncam imzalanıb.