Nazir Rəşad Nəbiyev BMT-nin İnsan Məskunlaşmaları Proqramının icraçı direktoru ilə görüşüb
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində BMT-nin İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüş keçirib.
Görüşdə Azərbaycan ilə UN-Habitat arasında inkişaf edən tərəfdaşlıq və xüsusilə COP29 çərçivəsində birgə təşkil olunan Nazirlər görüşü fonunda şəhər inkişafı və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Eyni zamanda Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində hazırlıq işləri və bu tədbirin qlobal şəhər gündəliyinə verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın şəhərsalma və nəqliyyat sahəsində həyata keçirdiyi transformasiya proqramları, o cümlədən dayanıqlı mobillik, rəqəmsal şəhər idarəçiliyi, ictimai nəqliyyatın genişləndirilməsi və inklüziv şəhər mühitinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib.