Nazir Ramin Quluzadə Qazaxıstanın Milli Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edib

Nazir  Ramin Quluzadə Qazaxıstanın Milli Günü münasibətilə  təşkil olunmuş tədbirdə çıxış  edib

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.

 

Tədbirdə Azərbaycan Respublikasının Hökuməti adından çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qazaxıstan Dövlətinin Milli Günü münasibətilə qazax xalqını təbrik edib, onlara tərəqqi, rifah və əmin-amanlıq arzu edib.

 

Dövlətlərimiz arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinə, ölkələrimizin Asiya və Avropa arasında tarixi “İpək Yolu”nun üzərində yerləşməsinə diqqət çəkən nazir əlaqələrimizin inkişafında artan dinamikanı qeyd edib.

 

Ramin Quluzadə bildirib ki, 2018-ci il ərzində Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 221 milyon ABŞ dolları, 2019-cu ilin 10 ayı ərzində isə 191 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. “Ölkələrimiz arasında nəqliyyat və tranzit daşımaları, informasiya və kommunikasiya texnologiyaları, energetika, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. “Şərq-Qərb” Beynəlxalq nəqliyyat dəhlizi üzrə ən qısa marşrutun ölkələrimiz ərazisindən keçməsinin yaratdığı əlverişli imkanlardan istifadə edilməsi üçün hər iki ölkə tərəfindən irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Eyni zamanda, Xəzər regionunda multimodal daşımaların geniş tətbiqi ilə bağlı birgə tədbirlərin görülməsi uğurla davam etdirilir”, – deyə nazir vurğulayıb.

 

Ramin Quluzadə qeyd edib ki, inşası tamamlanmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Aktau və Kurik limanları, o cümlədən hər iki ölkədə avtomobil və dəmir yolu şəbəkələrində aparılan yenidənqurma işləri regionun nəqliyyat-tranzit potensialının artmasına xidmət edir.

 

Nazir Qazaxıstan Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mövqeyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Ramin Quluzadə çıxışının sonunda dövlətlərimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.