Nazir müavini Rövşən Rüstəmov Koreya Respublikasının sabiq Prezidenti Roh Tae-vunun vəfatı ilə əlaqədar başsağlığı verib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Rövşən Rüstəmov 1988 – 1993-cü illərdə Koreya Respublikasının 13-cü Prezidenti olmuş Roh Tae-vunun vəfatı ilə əlaqədar bu ölkənin Bakıdakı Səfirliyinə gələrək başsağlığı verib.
Rövşən Rüstəmov Səfirlikdəki matəm kitabına Azərbaycan Respublikası Hökuməti adından nekroloq yazıb.
Nekroloqda deyilir:
“Koreya Respublikasının sabiq Prezidenti cənab Roh Tae-vunun vəfatı xəbəri məni dərindən kədərləndirdi.
Cənab Roh Tae-vu Koreya Respublikasında demokratik dəyərlərin inkişafına mühüm töhfələr vermiş, Tibbi Sığorta üzrə Milli Proqramı və digər sosial təşəbbüsləri tətbiq etməklə öz xalqına sədaqətlə xidmət etmişdir.
Bu ağır itki ilə əlaqədar öz adımdan və Azərbaycan Respublikası Hökuməti adından cənab Roh Tae-vunun ailəsinə və bütün Koreya xalqına dərin hüznlə başsağlığı verirəm”.