Nazir müavini Beynəlxalq Yol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Dünya Konqresi 2024” tədbirində iştirak edib
Cari ilin 15-18 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq Yol Federasiyasının təşkilatçılığı ilə “Dünya Konqresi 2024” adlı tədbir keçirilib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov nazirlər toplantısında, həmçinin tədbir çərçivəsində baş tutmuş sərgi və plenar müzakirələrdə iştirak edib.
Nazirlər toplantısında çıxış edən nazir müavini Cavid Qurbanov yol hərəkəti təhlükəsizliyinin təmin olunması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, habelə avtonəqliyyat vasitələrinə texniki qaydaların təkmilləşdirilməsi məqsədilə ölkəmizdə görülən işlər haqqında ətraflı məlumat verib.
Çıxış zamanı COP29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyini xatırladan nazir müavini burada qlobal dayanıqlı və daha az emissiyaya əsaslanan nəqliyyat sisteminə nail olmaq üçün mühüm qərarların və öhdəliklərin qəbul ediləcəyi barədə danışıb. Eyni zamanda Cavid Qurbanov Orta Dəhlizin daha dayanıqlı nəqliyyat təşəbbüslərini dəstəklədiyini vurğulayıb.
Sözügedən tədbir çərçivəsində nazir müavini Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Şimali Kipr Türk Respublikasının nəqliyyat və inkişaf naziri Erhan Arıklı ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq əlaqələrinin prioritet istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.