Milli avtodaşıyıcılar arasında BNF icazələrinin bölgüsündə ictimai iştirakçılıq tam təmin edilib
2023-cü il üçün Beynəlxalq Nəqliyyat Forumunun (BNF) çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında bölgüsü keçirilib. Prosesdə ictimai iştirakçılıq təmin edilib. Bölgüdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və daşıyıcıların nümayəndələri iştirak ediblər.
Məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şərait yaradılması və şəffaflığın təmin edilməsi ilə inhisarçılığın qarşısının alınmasıdır.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir. “Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşıyıcıların sayı 107-dən 208-ə çatıb. Avtonəqliyyat vasitələrinin sayı isə ötən il 3432 ədəd idi. Bu il artıq 8000-dən çoxdur”.
Nazir müavini qeyd edib ki, nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb.
Rəhman Hümmətov qeyd edib ki, bu günədək 2500-dən çox sürücü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzinin təşkil etdiyi peşəkarlıq səriştəsinə dair təlimlərdə iştirak edib. Ümumilikdə isə 8000 sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
2023-cü il üçün BNF icazələrinin Azərbaycan üzrə kvotası 1490 ədəd müəyyən edilib. AYNA 2022-ci illə müqayisədə icazələrin sayının 270 ədəd artırılmasına nail olub.
BNF icazələri ilə bir il ərzində Avropanın 43 ölkəsinə məhdudiyyətsiz sayda beynəlxalq yük daşımaları həyata keçirmək mümkündür. Bu növ icazələrin daşıyıcılar arasında bölgüsü Keyfiyyət Xartiyasının tələblərinə cavab verən daşıyıcılar arasında aparılır. Tələblərə əsasən, BNF icazələri ilə daşımaların həyata keçirilməsi üçün daşıyıcılar və sürücülər işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, avtonəqliyyat vasitələri isə texniki və ekoloji standartlara cavab verməlidirlər.
Azərbaycanda artıq 84 daşıyıcı bu tələblərə tam cavab verir. BNF icazələri də məhz həmin daşıyıcılar arasında bölünüb.
AYNA bu növ icazələrin istifadəsini monitorinq edəcək və Beynəlxalq Nəqliyyat Forumuna rüblük məlumatlar təqdim olunacaq.
Əlavə edək ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nda beynəlxalq daşımalarda iştirak edən sürücülərin hazırlıq səviyyəsinə dair tələblər müəyyən edilib. Tələblərə əsasən, sürücülərin hazırlığı və yenidən hazırlığı vacib şərtdir. Bunun üçün AYNA-nın Təlim-Tədris Mərkəzi və tərəfdaş təşkilatlar təlimlər təşkil edir. Təlimlər Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla aparılır.
Qeyd edək ki, sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığa başlamayan daşıyıcılar 2023-cü ilin 8 aprel tarixindən etibarən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcəklər.