Xəbər

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupunun 2025-ci il üzrə Fəaliyyət Planının cari statusu müzakirə olunub

Xəbər
“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupunun 2025-ci il üzrə Fəaliyyət Planının cari statusu müzakirə olunub

14 noyabrda “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, Altqrupun rəhbəri, üzvləri, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Energetika Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”nin 3.2-ci bəndi ilə müəyyən edilmiş “Vahid kommunal xidmətlər” altsisteminin yaradılması ilə bağlı mövcud vəziyyət, görülmüş işlər, həmçinin Altqrupun 2026-cı il üzrə Fəaliyyət Planının planlaşdırılması müzakirə olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov açılış nitqi ilə çıxış edərək mövcud vəziyyət, görülmüş işlər haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb. Samir Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB və “Azərişıq” ASC ilə birgə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən minimal işlək məhsulun (MVP) hazırlanmasının başa çatdırıldığını, MVP çərçivəsində ilkin məlumat modelinin və EHİS-in inteqrasiyasının qurulduğunu, modul səviyyəsində veb-interfeys, vahid ödəniş, ad dəyişmə, borc idarəetmə və bildiriş funksiyalarının layihələndirildiyini bildirib.

Energetika nazirinin müavini Samir Vəliyev müvafiq sahədə həyata keçirilən islahatlar çərçivəsində yaradılması nəzərdə tutulan və mühüm yenilik olan “Vahid kommunal xidmətlər” altsisteminin əhəmiyyətindən danışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş EHİS-in Əsasnaməsinə uyğun olaraq “Vahid kommunal xidmətlər” altsisteminin operatoru funksiyasını həyata keçirəcək qurum qismində Energetika Nazirliyinin vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə müvafiq altqrupda təmsil olunan Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin də iştirakı ilə müzakirələrin keçirilməsinin faydalı olacağını bildirib. Keçiriləcək görüşlərdə altsistemin formalaşdırılması istiqamətində 2026-cı il üçün Yol Xəritəsinin hazırlanması məqsədilə adıçəkilən Agentlik tərəfindən aidiyyəti üzrə təkliflərin təqdim ediləcəyini bildirib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev çıxış edərək “Vahid kommunal xidmətlər” altsisteminin yaradılması istiqamətində görülən işlərin uğurla aparıldığı, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əsas nəticəyə nail olunması istiqamətində mühüm addımlar atıldığı barədə iclas iştirakçılarına məlumat verib. O, Altqrupun 2026-cı ilə üzrə Fəaliyyət Planının hazırlanmasına başlanılması zərurətini qeyd edib.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).