Xəbər

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub

Xəbər
“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun görüşü baş tutub

30 may 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupunun tərkibində “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin (KXVİS) yaradılması üzrə Altqrupun növbəti iclası keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Altqrupun rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov, həmçinin kommunal qurumlardan “Azərişıq” ASC, ADSEA, “Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC-nin məsul şəxsləri və Altqrupun digər üzvləri iştirak ediblər.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Ramil Yusifov çıxış edərək “Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar beynəlxalq təcrübənin araşdırıldığı, geniş təcrübəyə malik “Ernst & Young” və “Boston Consulting Group (BCG)” şirkətinin ekspertlərinin cəlb edildiyini bildirib. Həmçinin dörd bəndin icrası ilə bağlı təkliflər və mexanizm hazırlanaraq Komissiyaya təqdim olunduğunu diqqətə çatdırıb.

Görüşdə kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması istiqamətində hazırlanmış “Yol Xəritəsi” çərçivəsində həyata keçirilmiş işlərə dair ətraflı hesabatlar təqdim olunub, görülmüş tədbirlərin cari vəziyyəti, kommunal qurumlar üzrə vahid abunəçi kodu, maliyyələşmə mexanizmi sisteminin formalaşdırılması ilə bağlı konseptual sənəd və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.