Xəbər

“Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı keçirilib

Xəbər
“Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı keçirilib

İyulun 24-də “Radisson Baku” hotelində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin təqdimatı keçirilib.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək müvafiq Yol Xəritəsinin 3 əsas sütundan ibarət olmaqla, internetə qoşulma üzrə normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi, internetin təhlükəsizliyi, tariflər və qoşulma tələblərinin şəffaflığı, kommunal xidmət təminatçılarının qarşılıqlı fəaliyyəti, planlaşdırılan internet kəsintilərinin öncədən bəyan edilməsi və digər əsas istiqamətlərdə 20-dən çox tədbirin icrasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Şahin Babayev çıxışında bildirib ki, sözügedən işçi qrupu tərəfindən “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatorunun bir sıra komponentləri əsasında təhlillər və diaqnostika aparılıb, həmin təhlillərin və müvafiq təkliflərin əsasında isə Yol Xəritəsi hazırlanıb.

Nazir müavini qeyd edib ki, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, onların islahatların hazırlanması və həyata keçirilməsi prosesində aktiv iştirakı və rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması bu sahədə görüləcək kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Çıxışlarda sözügedən Yol Xəritəsinin əhəmiyyəti və icrasına dair qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Məlumat üçün bildirək ki, sözügedən Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 9 iyul 2024-cü il tarixində təsdiq edilib.

Eyni zamanda qeyd edək ki, Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” işçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.