“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Kiber Smart Ol” layihəsi çərçivəsində kibertəhlükəsizlik sahəsində ilk təlimini Lənkəran şəhərində təşkil edib.

 

Qeyd edək ki, bu layihə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “CIAT paylaşımdır” proqramı üzrə qalib olub.

 

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyi, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə Lənkəran şəhərində keçirilmiş təlimə Vətən müharibəsi şəhidləri və qazilərinin 12-17 yaş qrupunda olan ailə üzvləri cəlb edilib.

 

Təlimdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Lalə Kərimova “Rəqəmsal bacarıqların inkişafı” mövzusunda təqdimatla çıxış edib. Uşaq və yeniyetmələrə dünyada bu sahədəki mövcud vəziyyət, İT ixtisasları, eləcə də rəqəmsal bacarıqları necə inkişaf etdirmək barədə ətraflı məlumat verilib.

 

Daha sonra Elektron Təhlükəsizlik Xidmətinin Beynəlxalq əməkdaşlıq və əlaqələndirmə sektorunun baş məsləhətçisi Aysel Hadiyeva “Təhlükəsiz internet” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda uşaq və yeniyetmələr internetdə qarşılaşa biləcəkləri təhlükələr, onlarla mübarizə üsulları, internetdən təhlükəsiz istifadə üçün əməl edilməsi vacib olan kibergigiyena qaydaları haqqında məlumatlandırılıb.

 

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində istifadəçilərin maarifləndirilməsini təmin etmək Elektron Təhlükəsizlik Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biridir və qurum bu sahədə mütəmadi olaraq tədbirlər həyata keçirir.

 

“Kiber Smart Ol” layihəsi çərçivəsində Elektron Təhlükəsizlik Xidmətinin Lənkəranla yanaşı, Bakı və Sumqayıt da daxil olmaqla bir neçə şəhərdə təlimlər təşkil etməsi nəzərdə tutulur.