Kiber İdman üzrə Avropa çempionatı çərçivəsində “Tekken7” yarışına start verildi

Kiber İdman üzrə Avropa çempionatı çərçivəsində  “Tekken7” yarışına start verildi

Avropanın ən güclü 17 kiber atleti “Tekken7” yarışmasının final mərhələsinə vəsiqə qazanıb.

 

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Kiber İdman üzrə Avropa çempionatının “Tekken7” yarışlarına start verilib.

 

“Tekken7” üzrə Azərbaycan, Türkiyə, Fransa, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Şimali Makedoniya, Monako, Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, Uels, Malta və İsveçdən ümumilikdə 17 iştirakçı mübarizəyə başlayıb.

 

27 mayda “Bakı Kristal Zalı”nda start götürən çempionatın qalibləri 28 may tarixində bəlli olacaq.

 

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.