Xəbər

İRİA tərəfindən Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Xəbər
İRİA tərəfindən Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib.

Təlimlərin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqi olub. Təlimlərdə Biləsuvar rayonunda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 40-dan çox əməkdaş iştirak edib.

Keçirilən təlimdə rəqəmsal savadlılığın əsas komponentləri, müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları barədə geniş məlumat təqdim edilib və praktiki tövsiyələr verilib. Eyni zamanda kibertəhlükəsizlik və məlumatların mühafizəsinə həsr olunmuş təlim sessiyası çərçivəsində sənədlərlə iş zamanı riayət edilməli təhlükəsizlik qaydaları, informasiya ehtiyatlarının və sistemlərinin kiberrisklərdən qorunması məqsədilə tətbiq olunan alət və əsas prinsiplər iştirakçıların diqqətinə çatdırılıb.

Təlim çərçivəsində iştirakçılara, həmçinin süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların təhlilində və vaxtın səmərəli idarə edilməsində tətbiq imkanları əyani şəkildə nümayiş etdirilib. Təlim zamanı süni intellektin dövlət qulluqçularının “rəqəmsal köməkçisi”nə çevrilməsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və iş məhsuldarlığının artırılması yolları ətraflı müzakirə olunub.