İnnovasiya üzrə İşçi qrupun iclası keçirilib
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü ilin birinci yarım ili üzrə monitorinq və qiymətləndirilmə nəticələrinin İnnovasiya üzrə İşçi qrupu tərəfindən müzakirəsi keçirilib.
Onlayn formada keçirilmiş iclasda İşçi qrupun sədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də Strategiyanın icrası məqsədilə yaradılmış işçi qruplar barədə məlumat verilib. Fərid Əhmədov bildirib ki, Strategiyanın 3.2-ci Məqsədi olan “Yaradıcı və innovativ cəmiyyət” ilə bağlı tədbirlərin icrası məqsədilə İşçi qrupun üzvləri arasında effektiv koordinasiyanın təmin olunması əhəmiyyətlidir. İşçi qrupun sədri, eyni zamanda işçi qrup çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən görülən tədbirlər barədə danışıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Rəşad Hüseynov qeyd edib ki, Strategiya üzrə görülmüş tədbirlərin monitorinq və qiymətləndirilməsinin aparılmasında məqsəd nəticə əsaslı iş aparmaq və tədbirlərin icrasını təmin etməkdir.
İşçi qrupun sədr müavini Aqil Əsədov bildirib ki, innovasiya ekosisteminin inkişafının təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nailiyyətlər olaraq dəyərləndirilə bilər. Bura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən atılmış addımlar, xüsusilə də “Caucasus Ventures” vençur kapital fondunun təsis edilməsi və dövlət xidmətlərinin işləkliyinin bərpa edilməsi məqsədilə görülmüş tədbirlər daxildir.
Daha sonra İşçi qrupun üzvləri hesabata dair rəylərini, eləcə də növbəti hesabat dövrləri üçün təkliflərini səsləndiriblər.
İnnovasiya üzrə İşçi qrupunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı İnkişaf və Operativ Sosial Təminat Agentliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin səlahiyyətli nümayəndələri təmsil olunurlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin 12 iyun 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə 8 İşçi qrup yaradılıb.