İnnovasiya sahəsində daha bir beynəlxalq layihə uğurla başa çatıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) əməkdaşlığı çərçivəsində 2022-ci ildən həyata keçirilən “Azərbaycanda innovasiya siyasətinin qurulması” adlı qrant layihəsinin yekun tədbiri baş tutub.
Tədbirdə açılış nitqi ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış edərək proqramın məzunlarını təbrik edib və təlimçilərə minnətdarlığını bildirib. O, həmçinin Koreya və Azərbaycan arasında daim inkişaf edən əməkdaşlıq münasibətlərini və bunun ölkəmiz üçün əhəmiyyətini vurğulayıb: “Cənubi Koreyanın innovasiya sahəsində əldə etdiyi qabaqcıl təcrübənin bu proqramlar vasitəsilə öyrənilməsi bizim ekosistem üçün yeni imkanlar yaradır. KOICA ilə əməkdaşlığımız bunun bariz nümunəsidir”.
Daha sonra Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq kürsüyə dəvət edilib. Çıxışı zamanı o, KOICA-nın həyata keçirdiyi layihələrin Azərbaycanla Koreya arasında münasibətlərin güclənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb: “Potensialın gücləndirilməsi üzrə təlimlərdə iştirak edənlər Koreyanın innovasiya təcrübəsi ilə yaxından tanış olmaqla bərabər, bu yanaşmaların Azərbaycanda tətbiqi imkanlarını da ətraflı araşdırıblar”. KOICA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Hvanq Sulim və layihə rəhbəri Su Hyun Ree çıxış ediblər. Onlar KOICA layihəsinin Azərbaycanda iki il ərzində əldə etdiyi nailiyyətlər və ekosistemə verdiyi faydadan bəhs ediblər.
KOICA-nın “Potensialın gücləndirilməsi” layihəsi İRİA ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Qurumun sədri İnarə Vəliyeva KOICA ilə son iki ildə davamlı şəkildə keçirilən təlimlərin sağlam innovasiya ekosistemi quruculuğunda müsbət nəticələr verdiyini qeyd edib: “KOICA-nın akselerasiya və mentorluq proqramlarının məzunları innovativ sahibkarlıqla bağlı fərqli yanaşmaları mənimsəyiblər, öz ideyalarını təcrübədən keçirmək imkanından faydalanıblar”. Bununla yanaşı, İ.Vəliyeva bu cür proqramların ümumi innovasiya strategiyasının tərkib hissəsi və onun inkişafını şərtləndirən mühüm faktor olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, “Azərbaycanda innovasiya siyasətinin qurulması” layihəsi 2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış qrant müqaviləsinə əsasən həyata keçirilib.