“İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” seçildi

“İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” seçildi

“Baktelecom” uğurları sırasına daha birini əlavə etdi. Ötən ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə icrasına başladığı “İctimai İnternet” layihəsi “İlin İT hadisəsi” nominasiyasında “NETTY” Azərbaycan Milli İnternet Mükafatının qalibi oldu.

 

“NETTY” sosial əhəmiyyətli layihələri dəstəkləyən, əhali arasında informasiya texnologiyalarını populyarlaşdıran peşəkar mükafat kimi  “Baktelecom”un pulsuz “Wi-Fi” xidmətinə biganə qalmayıb.

 

“Baktelecom” aylar öncə evdən kənarda, gəzinti zamanı internetə pulsuz qoşulmaq imkanını insanlar üçün əlçatan etdi. Bu məqsədlə ilkin mərhələdə əhalinin sıx istirahət etdiyi ərazilər seçildi.

 

Dənizkənarı Milli Parkın bütün hissəsi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu, “Sahil” bağı və Heydər Əliyev Mərkəzinin parkı kimi geniş əhatə zonasında ümumilikdə 210 qoşulma nöqtəsi yaradıldı. Mart ayından etibarən  paytaxt sakinləri və şəhərimizin qonaqlarının seçiminə çevrilən layihənin istifadəçi sayı 200 mini ötdü.

 

“Baktelecom” əhalinin pulsuz “Wi-Fi” xidmətinə maraq və tələbatını nəzərə alaraq əhatə dairəsinin genişləndirilməsi istiqamətində bu gün də işlərini davam etdirir.

 

Yaxın zamanlarda Qış Parkı, Sabir, Xəqani bağları və digər istirahət parklarında da ictimai internet şəbəkəsi aktiv ediləcək.

 

Şəbəkənin təkmilləşdirilməsi işləri ilə yanaşı, yeni və daha rahat qeydiyyat sisteminin tətbiqindən sonra istifadəçilərin pulsuz “Wi-Fi”-a qoşulması daha da asanlaşacaq.