“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

“İcazə blankları”nın yekun bölgüsü başa çatıb

2022-ci il üçün Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında yekun bölgüsü başa çatıb. Bölgüyə əsasən daşıyıcılar onlara ayrılmış “İcazə blankları”nı cari ilin 31 yanvar tarixinədək təhvil ala bilərlər.

 

“İcazə blankları”nın avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcılar arasında bölüşdürülməsi prosesini ictimai iştirakçılığın təmin edilməsi məqsədilə Xüsusi Komissiya həyata keçirib. Belə ki, Xüsusi Komissiya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası nəzdində fəaliyyət göstərir və onun işində dövlət orqanı, assosiasiya və daşıyıcıların nümayəndələri iştirak edirlər.

 

Daşıyıcılar icazə blankları almaq üçün avtonəqliyyat vasitələrinin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin, ekoloji sertifikatın surətlərini və avtomobili idarə edəcək sürücülərin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını təsdiq edən sənədi Xüsusi Komissiyaya təqdim edirlər. Xüsusi Komissiyanın apardığı bölgüyə əsasən daşıyıcılara tələbatlarına uyğun sayda “İcazə blankları” ayrılır.

 

Məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, daşıyıcılar arasında azad rəqabətin təmin olunması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması üçün əlverişli şəraitin yaradılması və inhisarçılığın qarşısının alınmasıdır. Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın tənzimlənməsində Azərbaycanın da qoşulduğu Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaqdır.

 

“İcazə blankları”nın bölgüsü prosesinin təkmilləşdirilməsi azad rəqabət mühitinin inkişaf etdirilməsi, daşıyıcıların və sürücülərin peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasına şərait yaradır.

 

Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.