“Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” müsabiqələrinin finalçıları məlum olub
“TEKNOFEST Azərbaycan” layihəsi çərçivəsində Azərbaycan tələbələri arasında keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” və türkiyəli gənclərin də qatıldığı “Pilotsuz Uçuş Aparatları” yarışlarının finalçıları məlum olub.
Azərkosmosun tərəfdaşlığı və təşkilatçılığı ilə keçirilən hər iki müsabiqənin finalçıları “TEKNOFEST Azərbaycan” layihəsinin seçim meyarlarına uyğun müəyyən edilib.
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi üzrə 23 komandadan 7-si “Müraciət”, “Missiya təyini və komponent seçimi” və “Video hesabatın hazırlanması” mərhələlərini uğurla başa vuraraq “Uçuş və uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb. “Uçuş və uçuş sonrakı hesabat” mərhələsində Azərbaycanın Milli Aviasiya Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Dövlət Universitetindən olan komandalar öz peyk modellərini səmaya buraxmaq şansı əldə ediblər.
Beynəlxalq səviyyədə baş tutan “Pilotsuz Uçuş Aparatları” yarışında isə Azərbaycan və Türkiyədə yerləşən 45 universitetdən ümumilikdə 130 komanda qeydiyyat üçün müraciət edib. Onlardan 14 komanda yarışın “Müraciət”, “Missiya təyini və komponent seçimi” və “Video hesabatın hazırlanması” mərhələlərinin şərtlərinə tam cavab verərək “Uçuş və uçuş sonrakı hesabat” mərhələsinə vəsiqə qazanıb. Onlardan 10-u Azərbaycan, 4-ü Türkiyə komandasıdır. Onlar “Uçuş və uçuş sonrakı hesabat” mərhələsində öz modellərinin missiyalarını nümayiş etdirəcəklər. Azərbaycanın Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitetindən, Türkiyənin isə Yıldız Teknik Universiteti və “Türk Hava Kurumu” Universitetinin tələbələri iştirak haqqı qazanıblar.
26 – 29 mayda keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalının mükafatlandırma günündən öncə – 23 və 24 mayda “Həvəskar Peyk Modelləşdirilməsi” və “Pilotsuz Uçuş Aparatları” yarışları üzrə finala keçən komandalar Hacıqabul rayonu ərazisindəki aerodromda uçuşlar həyata keçirəcəklər. Uçuşları uğurla bitirən komandalar 28 mayda “Bakı Kristal Zalı”nda baş tutacaq mükafatlandırma mərasimində iştirak edəcəklər.
Qeyd edək ki, bu müsabiqələr tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqların formalaşdırılması məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Bundan əlavə, komandalar verilmiş tapşırıqlara innovativ yanaşma, komandada işləmə, təqdimat və planlaşdırma kimi bacarıqları da əldə edirlər.
Həm peyk modelləşdirilməsi, həm də pilotsuz uçuş aparatları müsabiqələrində qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə, inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi bacarıqlara yiyələnirlər.