Gənclər Günü ilə əlaqədar nazirliyin YAP ərazi ilk partiya təşkilatının videokonfrans formatında iclası keçirilib
2 Fevral – Azərbaycan Gəncləri Gününün qeyd olunması ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi YAP ərazi ilk partiya təşkilatının videokonfrans formatında iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan nazirliyin Aparat rəhbərinin müavini, ərazi ilk partiya təşkilatının sədri Asif İsmayılov qeyd edib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Aparat rəhbərinin müavini bildirib ki, Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb – bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.
Asif İsmayılov əlavə edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır: “Cənab Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir”.
İclasda qeyd olunub ki, ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.
Çıxışının sonunda Aparat rəhbərinin müavini bu əlamətdar tarixlə bağlı gəncləri, partiya fəallarını təbrik edib, ölkəmizin daha da inkişafı naminə fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Daha sonra tədbirdə çıxış edən Rüstəm Abdullazadə, Cəmilə Nəsibli, Esmira Əliyeva, Aynurə Səmədova və Məhərrəm Məhərrəmli Gənclər Günü ilə əlaqədar öz təəssüratlarını bölüşərək dövlətimizin daha da inkişafi istiqamətində gənclərin qarşısında duran vəzifələrdən danışıblar.