Xəbər

Beynəlxalq Elektron Əmtəə Nəqliyyat Qaiməsinin Azərbaycanda tətbiqi üzrə ilk texniki iclas keçirilib

Xəbər
Beynəlxalq Elektron Əmtəə Nəqliyyat Qaiməsinin Azərbaycanda tətbiqi üzrə ilk texniki iclas keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın eCMR-ə (Beynəlxalq Elektron Əmtəə Nəqliyyat Qaiməsi) keçidi üçün hazırlanacaq yol xəritəsinin müzakirəsi məqsədilə ilk texniki iclas keçirilib.

Görüşdə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin Ticarət və Elektron Biznesin Asanlaşdırılması Mərkəzi (UN/CEFACT) katibliyinin ekspertləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri beynəlxalq yükdaşımalarda rəqəmsal transformasiya üçün ölkənin milli hədəflərini təqdim ediblər.

İclasda iştirak edən beynəlxalq mütəxəssislər elektron əmtəə nəqliyyat qaiməsinin faydalarını qeyd edib və onun qlobal ticarətin asanlaşdırılmasında rolunu vurğulayıblar.

Eyni zamanda Azərbaycanın nəqliyyat sistemində rəqəmsal həllərin tətbiqi sahəsində görülən işlər yüksək qiymətləndirilib. eCMR-in tətbiqinin ölkənin nəqliyyat əməliyyatlarının rəqəmsallaşması sahəsində mühüm nailiyyət olacağı və bu sahədəki inkişafı daha da sürətləndirəcəyi diqqətə çatdırılıb.

İştirakçılar sistemin fasiləsiz fəaliyyətinin təmin olunması üçün əsas mərhələləri və strategiyaları müzakirə ediblər. Tərəfdaşlar bu rəqəmsal təşəbbüsün uğurlu həyata keçirilməsi üçün əməkdaşlıq etməyə dair öhdəliklərini bir daha təsdiqləyiblər.

Qeyd edək ki, eCMR sistemi beynəlxalq yükdaşımalar zamanı əmtəə nəqliyyat qaiməsinin tərtibatı sahəsində səmərəliliyi artırmaq, rəqəmsal mühitə keçid etməklə kağızdan istifadəni azaltmaq, həmçinin sərhədkeçmə əməliyyatlarını asanlaşdırmaqla sürətli və şəffaf zəminin formalaşdırılmasını ehtiva edir.

Azərbaycanda eCMR sisteminin tətbiqi, ölkənin logistika infrastrukturunun müasirləşdirilməsi və regional ticarət səmərəliliyinin artırılması baxımından mühüm bir addım kimi qiymətləndirilir.