Dövlət qurumlarının əməkdaşları üçün sosial mediada fəaliyyətin təşkilinə dair təlimlərə yekun vurulub
Dövlət qurumlarının ictimai əlaqələr üzrə əməkdaşlarının sosial media sahəsində praktiki biliklərinin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) aprel və may aylarında silsilə təlimlər keçirib. “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda təlimlərdə ümumilikdə 80 nəfər iştirak edib.
Tədris prosesində sosial şəbəkələrin qurumlar üçün əhəmiyyəti, səhifələrin profil görünüşü, kontentin və aktivliyin idarə edilməsi, sosial platforma alqoritmlərinin iş prinsipi və onlardan düzgün istifadə, vətəndaşlarla ünsiyyət, yanlış informasiya ilə mübarizə və informasiya təhlükəsizliyi kimi mövzular əhatə olunub.
Təlimlərdə praktiki çalışmalar və müzakirələr keçirilib, iştirakçılar arasında təcrübə və fikir mübadiləsi aparılıb. Dövlət qurumlarının sosial mediadan səmərəli istifadəsinə dair təqdimatlar olub.
Təlim iştirakçıları yekunda “İKT LAB” Tətbiqi və Tədrisi Mərkəzinin sertifikatı ilə təltif olunublar.
Qeyd edək ki, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə dövlət və özəl qurumların əməkdaşlarının, əhalinin rəqəmsal bacarıq və İT biliklərinin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb.