Cenevrədə Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində innovativ siyasət və əldə olunan ilkin nəticələr mövzusunda “dəyirmi masa” keçirilib

Cenevrədə Şərqi  Avropa və Cənubi Qafqaz ölkələrində innovativ siyasət və əldə olunan ilkin nəticələr mövzusunda “dəyirmi masa” keçirilib

Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində innovativ siyasət və əldə olunan ilkin nəticələr mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi təmsil edib.

 

Görüşdə UNECE “Subregional İnnovasiya Siyasəti” layihəsi ilə əlaqədar Şərqi Avropa və Cənubi Qafqazın altı ölkəsi – Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda əldə edilən nəticələr təqdim olunub.

 

Tədbirdə innovasiyaların dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından oynadığı rola xüsusi əhəmiyyət verilib. Şərqi Avropa və Cənubi Qafqaz ölkələri iqtisadiyyatında innovativ əsaslı iqtisadi artım sahəsində mühüm nəticələrin əldə olunduğu qeyd edilib. 

 

Müzakirələrin aparılmasında əsas məqsəd təkcə rəqabətə davamlılıq sahəsində innovasiyadan istifadə etmək deyil, eləcə də “Qlobal-2030 Planı”nda qarşıya qoyulmuş davamlı inkişafın tələblərini yerinə yetirməkdən ibarətdir.

 

UNECE “Subregional İnnovasiya Siyasəti” layihəsi Şərqi Avropa və Qafqaz regionu üzrə innovasiya siyasətini, innovativ proseslərin həcmini və keyfiyyətini qiymətləndirir. 

 

Layihə, həmçinin region iqtisadiyyatında məhsuldarlıq və rəqabətə davamlılığın artırılmasına xidmət edir.

 

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir və İsveç hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir.