Xəbər

Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub

Xəbər
Cenevrədə COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı brifinq təşkil olunub

24 oktyabrda bir sıra xarici ölkələrin Cenevrədə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları üçün brifinq təşkil olunub.

Brifinq Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən COP29 zamanı keçiriləcək Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü ilə bağlı keçirilib.

Brifinqə Cenevrədə fəaliyyət göstərən 30-a yaxın diplomatik missiyadan nümayəndə qatılıb.

Tədbir zamanı BTİ Baş katibinin müavini Tomas Lamanauskas, ölkəmizin Cenevrədəki daimi nümayəndəsi Qalib İsrafilov, RİNN-in Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov və Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov çıxış edərək adıçəkilən təşəbbüsün əhəmiyyəti barədə brifinq iştirakçılarını məlumatlandırıblar.

Tədbirdə, həmçinin təşəbbüs və bu çərçivədə keçiriləcək yüksəksəviyyəli tədbirə hazırlıq prosesinin gedişatı, planlaşdırılan işlər və qarşıda duran məsələ və prioritetlərə dair təqdimat olub.

Brifinq zamanı iqlim fəaliyyəti və davamlılığın artırılması naminə rəqəmsallaşmanın transformativ potensialından istifadə etmək üçün birgə səylərin vacibliyi vurğulanıb. Bildirilib ki, COP29 çərçivəsində tarixdə ilk dəfə olaraq 16 noyabrda Rəqəmsallaşma Günü keçiriləcək. Bu, öz növbəsində iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verəcək və bu istiqamətdə birgə fəaliyyəti təşviq edəcək.

Həmin gün Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək və yekun sənəd olaraq Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunacaq. Bəyannamə sürətli rəqəmsallaşmanın ətraf mühitə mənfi təsirlərini yumşaltmaqla yanaşı, iqlimlə bağlı fəaliyyətin və davamlılığın artırılması üzrə əməkdaşlıq üçün çərçivə rolunu oynayacaq.

Sonda brifinqə qatılan diplomatlar bu mühüm təşəbbüsü dəstəkləməyə, yüksəksəviyyəli tədbirə və bəyannaməyə qoşulmağa dəvət olunublar.