Xəbər

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın şəhər nəqliyyatı islahatlarını nümunə kimi təqdim edib

Xəbər
Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın şəhər nəqliyyatı islahatlarını nümunə kimi təqdim edib

Beynəlxalq Nəqliyyat Forumu (BNF) “Səmərəli şəhər nəqliyyatının təmin edilməsi üçün tələbin idarə olunması” adlı yeni tədqiqat hesabatını dərc edib. Qlobal urbanizasiya fonunda hazırlanan hesabatda BNF proqnozlaşdırır ki, mövcud tendensiyalar davam edərsə, 2025-2060-cı illər arasında şəhərlərdə nəqliyyat vasitələrinin qət etdiyi məsafə 69%, sərnişin-kilometrlə ifadə olunan nəqliyyat tələbi isə 81% artacaq. Bu kontekstdə Azərbaycanın, xüsusilə Bakının son illər həyata keçirdiyi şəhər mobilliyi islahatlarına hesabatın müxtəlif bölmələrində geniş istinad olunub.

Nəqliyyatı Əlaqələndirmə Şurası – vahid idarəetmə modeli

Hesabatın çoxsəviyyəli koordinasiyaya həsr olunan hissəsində 2023-cü ildə Prezidentin Fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası Azərbaycanda institusional koordinasiyanın nümunəsi kimi təqdim edilib. Hesabatda vurğulanıb ki, bu mexanizm operatorlar, tənzimləyici və planlaşdırma qurumları arasında vahid qərarvermə çərçivəsi yaradaraq avtobus, metro, dəmir yolu, mikromobillik və piyada infrastrukturunun ayrı-ayrılıqda deyil, vahid şəhər mobilliyi sisteminin tərkib hissələri kimi planlaşdırılmasını təmin edir. Şuranın fəaliyyəti nəticəsində avtobus parkının genişləndirilməsi, metro şəbəkəsinin inkişafı, dəmir yolu xidmətlərinin modernləşdirilməsi və nəqliyyat qovşaqlarında ilk və son kilometr bağlantılarının yaxşılaşdırılmasına yönələn qərarlar əlaqələndirilib.

“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu – dayanıqlı maliyyələşdirmə nümunəsi

Hesabatın şəhər nəqliyyatının uzunmüddətli maliyyələşdirilməsinə həsr olunan bölməsində Azərbaycanın yaratdığı “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu konkret nümunə kimi göstərilib. Fondun modeli yol vergilərindən daxilolmaların bir hissəsini, habelə gələcəkdə şəhər yollarında tətbiq oluna biləcək ödənişli hərəkət mexanizmlərindən əldə ediləcək gəlirləri ictimai nəqliyyatın maliyyələşdirilməsinə yönəltməyi nəzərdə tutur. BNF bu təcrübəni nəqliyyat siyasəti alətlərindən əldə olunan gəlirlərin dayanıqlı mobilliyə yönəldilməsi baxımından örnək kimi qiymətləndirib.