Beynəlxalq Dəniz Təşkilatı Azərbaycanda dənizçilərin hazırlığı sistemini yüksək dəyərləndirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sistemi Beynəlxalq Dəniz Təşkilatının (BDT) auditindən uğurla keçib. Yoxlamaları 2022-ci ilin yanvar-aprel aylarında BDT-nin rəsmi auditorları aparıblar.
Yoxlama zamanı dənizçilərin hazırlanması və sertifikatlaşdırılması prosesinin BDT-nin “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyasının tələblərinə uyğunlaşdırılması məqsədilə görülmüş tədbirlər və müvafiq normativ hüquqi sənədlər təhlil edilib.
Auditin nəticələrinə əsasən, Dövlət Dəniz və Liman Agentliyinin beynəlxalq konvensiyanın tələblərini tam şəkildə yerinə yetirdiyi haqqında Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 105-ci sessiyasında qərar qəbul edilib. Dənizçilərin hazırlığı sahəsində Azərbaycanın BDT-nin “Ağ siyahı”sında yer alması barədə məlumatın təşkilatın bütün üzv dövlətlərinə ötürülməsinə dair tapşırıq verilib.
Auditin uğurla tamamlanması Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərə verdiyi diplom və sertifikatların Beynəlxalq Dəniz Təşkilatının üzvü olan 175 dövlət tərəfindən tanınmasını ifadə edir. Bu, dənizçilərimizin bilik, bacarıq və peşəkarlığına olan etimadı artırır, Azərbaycan dənizçiləri üçün xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə işlə təmin olunmaq baxımından geniş imkanlar yaradır. Eyni zamanda gəmilərin xarici limanlara yan alması zamanı dənizçilərimizin sənədlərinin rəsmiləşdirilməsi prosesini asanlaşdırır.
Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatı bu auditi beş ildən bir keçirir.
Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının müvafiq sahədə qoşulduğu beynəlxalq müqavilələrin, o cümlədən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tətbiqi istiqamətində kompleks tədbirləri davam etdirir.