Beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib

Beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib

 

30-31 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

 

Görüşdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Ukrayna nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru Viktor Sasin rəhbərlik edirdi.

 

İclasda Azərbaycan Respublikası ilə Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Ukrayna ərazisinə daxil olan Azərbaycan avtodaşıyıcılarının bəzi hallarda sərhəd-keçid məntəqələrində gömrük nəzarəti orqanlarının əməkdaşları tərəfindən, eyni zamanda Ukrayna ərazisi ilə daşımaları yerinə yetirərkən Avtomobil Nəqliyyatı Departamentinin müfəttişləri tərəfindən lüzumsuz yoxlamalar və haqsız tələblərlə rastlaşdıqlarını Ukrayna nümayəndə heyətinin diqqətinə çatdırıb. Eyni zamanda qeyd olunub ki, qarşılıqlı əməkdaşlıqda lüzumsuz maneələri aradan qaldırmaq məqsədilə Ukrayna daşıyıcılarının Azərbaycan Respublikasının ərazisinə daxil olarkən standartdan kənar heç bir xüsusi yoxlama halları ilə qarşılaşmaması üçün tam münbit şərait təmin edilib.

 

Ukraynanın İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı Departamentinin direktoru Viktor Sasin qeyd olunan məsələnin araşdırılaraq, zəruri tədbirlər görüləcəyini bildirib və Ukrayna hökuməti tərəfindən beynəlxalq nəqliyyat daşımaları sahəsində tezliklə elektron xidmətlərin tətbiq ediləcəyinə dair innovativ yenilik barədə nümayəndə heyətimizə məlumat verilib.

 

Tərəflər, hazırda ölkələrimiz arasında "Bakı – Kiyev - Bakı" beynəlxalq sərnişin daşınması marşrutunun fəaliyyət göstərdiyini vurğulayaraq, gələcəkdə Azərbaycan Respublikası ilə Ukrayna arasında sərnişin axınının vəziyyətinin öyrənilməsi, zərurət olduğu halda, Ukraynanın digər şəhərləri arasında beynəlxalq sərnişin daşınması üçün yeni marşrutların açılması barədə razılığa gəliblər.

 

Eyni zamanda, 2019-cu ildə ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün "İcazə"lərin kvota sayının müəyyənləşdirilməsi barədə geniş müzakirələr aparılaraq, qarşılıqlı təkliflər irəli sürülməsinə dair növbəti iclasda bu məsələyə yenidən baxılacağı bildirilib.

 

Yuxarıda qeyd edilən problemlər, həmçinin reqlamentdə nəzərdə tutulan aidiyyəti üzrə digər aktual məsələlər də müzakirə edildikdən sonra nümayəndə heyəti arasında müvafiq Protokolun imzalanması ilə “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası öz işinə yekun vurub.