Xəbər

Beynəlxalq Astronavtika Konqresinə həsr olunan brifinq keçirilib

Xəbər
Beynəlxalq Astronavtika Konqresinə həsr olunan brifinq keçirilib

Bu gün yerli media nümayəndələri üçün oktyabrda Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı brifinq keçirilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri Rəna Cəfərova, Azərkosmosun İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova tədbirin məqsəd və faydaları, qeydiyyatdan keçmiş kosmik şirkətlər, həmçinin KİV təmsilçilərinin tədbirdə iştirakı barədə məlumat veriblər.

Qeyd olunub ki, qlobal kosmik arenanın bir parçası olan Azərbaycan 2-6 oktyabrda “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Bu beynəlxalq tədbir çərçivəsində keçirilən elm müsabiqəsinə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub. Bu göstərici ilə Bakı konqresi indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub. Həmin müsabiqəyə Azərbaycandan 214 elmi məqalə təqdim edilib və ölkəmiz ən çox elmi məqalə təqdim edən dövlətlər sırasında – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb.

Tədbirin keçirilməsi üçün Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzi ərazisində Sərgi pavilyonunun tikintisi davam etdirilir. Bakı konqresinə bu günədək 31 şirkətin sponsorluğu qeydə alınıb. Sərgi pavilyonunda 36 ölkədən 150 şirkətin stendi olacaq. Ümumilikdə konqresdə iştirak üçün 88 ölkənin nümayəndələri qeydiyyatdan keçiblər.

Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə reallaşacaq 74-cü konqresdə kosmik agentliklər, dövlət sektoru və özəl kosmik şirkətlərin nümayəndələri, investorlar, yerli və beynəlxalq media qurumları iştirak edəcək. Tədbir çərçivəsində konfranslar, 190 texniki sessiya və sərgilər keçiriləcək.

Brifinqin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.       

Xatırladaq ki, konqresdə iştirak üçün onlayn qeydiyyat davam edir və bu link vasitəsilə qeydiyyatdan keçmək olar.

Media təmsilçilərinin tədbirdə iştirakı ödənişsizdir.