Xəbər

“Baktelecom” Qaradağ rayonu ərazisində genişzolaqlı xidmətlər təqdim edir

Xəbər
“Baktelecom” Qaradağ rayonu ərazisində genişzolaqlı xidmətlər təqdim edir

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Onlayn Azərbaycan” layihəsi çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində işləri davam etdirir. Növbəti mərhələdə Qaradağ rayonu ərazisində  sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Qaradağ rayonu ərazisində GPON texnologiyası əsasında kabelləşmə işləri aparılıb, ərazini tam əhatə edən şəbəkə tikilib, 60 000 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib, hazırda 24 400 abunəçi GPON xidmətindən istifadə edir.

Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə yüksəksürətli (30 mbit/s-dən 250 mbit/s-dək) internet paketləri təklif olunur. Sözügedən paketləri seçən abunəçilər tək internet xidməti deyil, həm də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər.

Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 18 AZN-dən 100 AZN-dək dəyişir.

Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Bakı Telefon Rabitəsi” MMC-nin “155” Çağrı Mərkəzinə zəng edə, 6 Saylı Rabitə Xidmətləri Mərkəzinə (ünvan: Qaradağ rayonu Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi 16), həmçinin https://www.baktelecom.az/ saytı vasitəsilə müraciət edə bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 58%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.