Bakıda “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda regional seminar işə başlayıb

Cari ilin 3-4 oktyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birgə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda regional seminar keçirilir.
Tədbir müvafiq sahədə fəaliyyət göstərən təşkilat və qurumların nümayəndələri arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, yol hərəkətinin təhlükəsizliyi üzrə müsbət nailiyyətlər və beynəlxalq təcrübə, xüsusən də Asiya və Sakit okean regionunda müəyyən edilmiş proqramlarla tanışlıq məqsədilə təşkil olunub.
Seminarda region ölkələrinin, UNESCAP katibliyinin, eləcə də ABŞ və Koreyanın ekspertləri iştirak edir.
Tədbirdə UNESCAP-ın nümayəndəsi İştiaqu Əhməd çıxış edərək yol hərəkətinin təhlükəsizliyi barədə ətraflı məlumat verib, müvafiq statistik göstəriciləri diqqətə çatdırıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Şahin İsmayılov çıxışında Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi məsələlərinə xüsusi önəm verildiyini bildirib.
Ş.İsmayılov qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Sözügedən Dövlət Proqramının əsas məqsədi yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Seminar iştirakçıların yol hərəkətinin təhlükəsizliyinə dair təqdimatları və müzakirələrlə davam edir.