Bakıda yerləşən Uşaq evlərinin sakinləri “Bakutel 2018” sərgisinə ekskursiya edib

Bakıda yerləşən Uşaq evlərinin sakinləri  “Bakutel 2018” sərgisinə ekskursiya edib

“Bakutel 2018” 24-cü Azərbaycan  Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar  sərgi-konfransı çərçivəsində Uşaq evlərinin sakinlərinin sərgiyə ekskursiyası təşkil olunub.  Bakı şəhərində yerləşən 2 və 3 saylı Uşaq evlərindən 60-dan çox uşaq  “Bakutel 2018”-in pavilyon və stendləri ilə tanış olublar. Uşaqlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin stendində təqdim olunan robotexnikaya xüsusi maraq göstəriblər. Startapçılar uşaqlara robotların yaradılması, onların idarə olunması barədə məlumat veriblər. “Azərmarka” MMC-yə məxsus stenddəki rəngarəng marka nümunələri azyaşlıların xüsusi diqqətini çəkib. Onlara milli marka nümunələri və digər hədiyyələr təqdim edilib. Azərbaycanın ilk Regional Data Mərkəzinin xidmətlərinin nümayiş olunduğu “AzİnteTecom” MMC-nin stendində də uşaqlar xüsusi qayğı ilə əhatə olunub. Onlar sərgidə fəaliyyət göstərən digər pavilyonlarla da tanış olub və innovativ oyun zonasında əyləniblər. Uşaqlara “Külək: Yer kürəsinin şahzadəsi”- Azərbaycanın ilk virtual reallıq kitabı hədiyyə olunub.

 

Uşaqların sərgiyə ekskursiyası sabah da davam edəcək.

 

Xatırladaq ki, “Bakutel 2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, "Caspian Event Organisers" (CEO) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə keçirilir.