Bakıda “Yaşıl avtomobil nəqliyyatının infrastrukturuna keçid” mövzusunda TAIEX seminarı keçirilir

Bakıda “Yaşıl avtomobil nəqliyyatının infrastrukturuna keçid” mövzusunda TAIEX seminarı keçirilir

Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə Bakı şəhərində “Yaşıl avtomobil nəqliyyatının infrastrukturuna keçid” adlı TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) seminarı işə başlayıb.

 

Seminarda yaşıl avtomobil nəqliyyatının infrastrukturu və onun idarə edilməsi ilə bağlı Avropa İttifaqının təcrübəsi, müvafiq qanunvericilik aktları və standartları, eyni zamanda Avropanın müxtəlif təşkilatları və dövlət orqanları tərəfindən qəbul edilən yaşıl nəqliyyat siyasəti və digər aidiyyəti məsələlər müzakirə olunur.

 

Tədbirdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İtaliya, Latviya və Polşanın mütəxəssisləri tərəfindən məruzələr edilir.

 

Seminarda Avropa İttifaqı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və tabeli qurumları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər, Energetika, Daxili İşlər və İqtisadiyyat nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, ADA Universiteti və Bakı Mühəndislik Universitetinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası İctimai Birliyinin nümayəndələri iştirak edirlər.

 

Qeyd edək ki, seminar 2 gün davam edəcək.